News

Sahibkar: “Obyektimin qapısını qaynaqla bağlayıb, dövlət torpağını zəbt edib”

Yayımlandı: 14 Mart 2022 16:52

“Həmin sahibkarın qohumları yüksək vəzifələrdə işləyir, bir zəng kifayət edir ki, bu işin araşdırması ləngisin”

“Bütün qurumlar mənə göndərdikləri məktublarda bildirirlər ki, bəli, iri obyektin ehtiyat çıxışı bağlana bilməz, qanun sənin tərəfindədir, ancaq çıxışı bağlamış sahibkara “gözün üstə qaşın var” deyən yoxdur. Açıq şəkildə bildirirlər ki, həmin sahibkarı himayə edənlər yuxarı vəzifələrdə işləyən qohumlarıdır, bu səbəbdən də heç bir qurumun bu sahibkara gücü çatmır”.

Elvin Abdiyev Meydan TV-yə danışır ki, Gəncədə – Şah İsmayıl Xətai küçəsi 42 ünvanda yerləşən mebel mağazasının ehtiyat çıxış qapısı qonşu mağazanın sahibi tərəfindən bağlanıb. O, 1 ilə yaxındır Gəncədəki aidiyyəti üzrə qurumlara müraciət etsə də, problem həllini tapmır. Belə ki, qurumlardan aldığı rəsmi cavablarda ehtiyat çıxış qapısının bağlanmasının qanunsuz olduğu bildirilsə də, qapının açılması təmin edilmir:

“Mənim mağazamın sahəsi 400 kvadratmetrdir. Sahəsi iri olan obyektlərdə ehtiyat qəza çıxışı şərtdir. Ötən il mayın 22-də xəbər tutdum ki, mağazanın arxa tərəfindəki ehtiyat qəza çıxışı gecəyarısı qonşuluqdakı mağazanın sahibi tərəfindən bağlanıb. Mağazanın sahibləri olan Nofəl və Ramiz Qurbanov qardaşlarlyla əlaqə saxladım, bildirdi ki, mağazanın arxa tərəfindəki ərazini alıb, mağazanın çıxışı da onun sahəsinə düşdüyünə görə bağlayıb, qarşısına da inşaat materialları yığıb. Rəsmi qurumlara müraciət etdim”.

Elvin Abdiyevin sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə rəsmi müraciət edib. Hər iki qurum məsələni araşdırıb:

“Mayın 24-də qapının bağlanmasıyla bağlı FHN Regional Yanğın Nəzarət İdarəsinə rəsmi müraciət etdim. Əraziyə nümayəndə göndərdilər, yerində akt yazıldı, aktda da təsdiqini tapdı ki, obyektimin ehtiyat qəza çıxışı Ramiz Qurbanov tərəfindən bağlanıb, qarşısına inşaat materialları yığılıb. Dəfələrlə müraciət etdim, bildirdilər ki, ehtiyat qəza çıxışı heç bir halda bağlana bilməz. Baxmayaraq ki, mənə rəsmən də bunu bildirirlər, ancaq o ehtiyat qəza çıxışının açılması üçün heç bir tədbir görülmür. Sabah obyektimdə bir yanğın, bir qəza baş versə, buna kim cavabdehlik daşıyacaq? Hamı deyir “sən haqlısan”, əmələ gələndə isə hamı geri çəkilir”.

Sahibkarın sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsindən də əraziyə baxış keçirilib:
“Şöbənin rəhbəri və əməkdaşları gəlib əraziyə baxış keçirdilər, məlum oldu ki, bu sahibkar 19 sot dövlət torpağını zəbt edib, həmin torpağa gedən ümumi yolu kəsərək jalüz darvaza qoyub. Mənim iştirakımla aktlaşdırma apardılar və Bakıya – Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinə məlumat verdilər. Komitə isə Gəncə Şəhər İcra Hakimiyyətinə və Gəncə Şəhər Polis İdarəsinə müraciət etdi. Gəncə Şəhər Polis İdarəsində araşdırma başlandı. Bir müddətdən sonrs iş Gəncə Şəhər Prokurorluğuna getdi. Prokurorluqdan hər hansı məlumat ala bilmirdim. Sonra da məlum oldu ki, prokurorun köməkçisi sahibkarın yaxın qohumudur və işə müdaxilə edir. Prokurorluq işi ötən ilin iyunundan araşdırmağa başlasa da, mən yalnız oktyabr ayında məlumat ala bildim. Onda da məlum oldu ki, iş prokurorluqda ola-ola – yəni avqust ayında sahibkar Ramiz Qurbanov Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin rəhbərliyinə “yol taparaq” mənim obyektimin ehtiyat qəza çıxışı da daxil olmaqla həmin hissədən 700 kv.metr sahəyə iki illik icarə müqaviləsi bağlayıb. Yəni mənə məxsus tikilinin Texniki Pasportunda öz əksini tapan hissə ona icarəyə verilib”.

Bundan sonra sahibkar Elvin Abdiyev Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun qəbulunda olub. Elçin Yusubovun məsələyə müdaxiləsindən sonra müqavilə ləğv edilib. Ancaq sahibkar deyir, icarə müqaviləsi ləğv olunan sahə qonşu sahibkar tərəfindən hələ də qeyri-qanuni istifadə olunur.

Nəhayət, Elvin Abdiyevin çoxsaylı müraciətlərindən 9 ay sonra – bu ilin fevralında Gəncə Şəhər Prokurorluğu fakt üzrə cinayət işi başlanmasına qərar verib və işi polisə göndərib. Ancaq Elvin Abdiyev deyir, fevralın 3-də başlanan cinayət işi yerində sayır:

“Bir aydan çox vaxt keçib, polisdə heç bir araşdırma aparılmır, İstintaq Şöbəsiylə əlaqə saxlayıram, işi müxtəlif bəhanələrlə uzadırlar. Səbəbsə odur ki, həmin sahibkarın qohumları yüksək vəzifələrdə işləyir, bir zəng kifayət edir ki, bu işin araşdırması ləngisin. Əmisi oğlu Baş Prokurorluqda işləyir, başqa qohumları başqa nazirliklərdə yüksək vəzifədədilər, sıradan bir adam Gəncənin mərkəzində 19 sot yeri sənədsiz zəbt edib darvaza qoymaz ki… Onun mağazasının ümumi sahəsi 280 kv.metrdir, ancaq mağazanın ətrafından da azı 5 sot ərazini zəbt edib, hazırda da qanunsuz tikinti işləri aparır və heç kəsi saymır”.

Meydan TV Nofəl və Ramiz Qurbanov qardaşlarıyla əlaqə saxlaya bilməsə də, aidiyyəti üzrə rəsmi qurumların cavablarını əldə edib.

FHN Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin aktında qeyd olunub ki, yanğın-texniki müayinə zamanı qeyd olunan ünvanda Elvin Abdiyevə məxsus obyektin arxa ehtiyat çıxış qapısının qarşı tərəfi icarə əsasında “Azərbaycan” inşaat malları mağazasına verilib. Qapı həmin obyektin sahibi tərəfindən qaynaq olunaraq bağlanıb.

İdarənin Elvin Abdiyevə göndərdiyi məktubda qeyd olunub ki, çıxış qapısının açılması, sərbəst hərəkətin təmin olunması üçün Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısına, Kəpəz Rayon Bələdiyyəsinin sədrinə, “Azərbaycan” inşaat malları mağazasının sahibinə məktublar göndərilib.

Gəncə Şəhər Prokurorluğundansa bildirilib ki, Xətai prospekti 42 ünvanda yerləşən və Elvin Abdinova məxsus olan obyektin arxa çıxış qapısının qarşısını əhatə edən, dövlət mülkiyyətinə aid 19 sot torpaq sahəsinin Nofəl Qurbanov tərəfindən qanunsuz hasarlanması ilə bağlı Cinayət Məcəlləsinin 188.1 maddəsiylə cinayət işi başlanıb. İstintaqın aparılması Gəncə Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub.

“24 saat”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button